Azeri Times

İşini itirən məcburi köçkünlər: Vilyam Hacıyevlə görüşməyə imkan vermirlər

İşini itirən məcburi köçkünlər: Vilyam Hacıyevlə görüşməyə imkan vermirlər
94 views
10 February 2019 - 15:58

”İcra başçısının tapşırığı ilə təmin olunduğumuz işi əlimizdən alıblar”

İmişli Rayon Kommunal İstismar İdarəsində çalışan 10 nəfər bu il işsiz qalıb. Bu barədə Meydan TV-yə müraciət edən vətəndaşlar, yeganə gəlir mənbələrinin əllərindən alındığı üçün üzgün olduqlarını söyləyiblər.

“Füzulidən məcburi köçkün düşmüşük. Bizə İmişli rayonunun ərazisində şəhərcik tikdilər. İllərdir burada yaşayırdıq. Şəraitimizdən şikayətimiz yoxdur. Pis-yaxşı hamının ev-eşiyi var. Ancaq işsizlikdən əziyyət çəkirdik. Aldığımız çörəkpulu ailəmizi dolandırmağa yetmirdi. Odur ki, İmişli Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra başçısı Vilyam Hacıyev sağ olsun, bizi 2016-cı ildə işlə təmin etdi. İki qadın, səkkiz kişi olmaqla, hamımıza İmişli Rayon Kommunal İstismar İdarəsində iş verdilər. Qadınlar xadimə, kişilər isə fəhlə kimi işə başladıq” – deyir, Kəmalə Həsənova.

Söz verdilər, ancaq müqaviləmizi yeniləmədilər

K.Həsənova bildirir ki, əmək haqqı aşağı olduğundan (cəmi 123 manat), onların İmişliyə gedib-gəlməsi xərc tələb etdiyindən həmin 10 nəfəri elə yaşadıqları qəsəbəyə yönləndiriblər:

Kəmalə HəsənovaKəmalə Həsənova

“Böyük qəsəbədir. 500-dən artıq evi var. Təmizlik şərtdir, baxım lazımdır. Biz küçələrini süpürürdük, kişilər isə ağaclara, bağa, həyətə nəzarət edirdilər. Beləcə işləyir, ailəmizi dolandırırdıq. Ta ki, 2019-cu il girənə qədər. Bizimlə hər dəfə 1 illik müqavilə bağlanırdı. Hər ilin əvvəlində müqaviləmiz yenilənirdi. 2019-cu il girəndə də deyildi ki, tətil günləri bitən kimi müqavilənizi yeniləyəcəyik. Ancaq o gün bu gündür müqaviləmiz yenilənmədi. Üstəlik, yanvar ayında əmək haqqı kartımızı da ləğv etdilər. Ondan sonra əlimiz işdən üzüldü”.

Xəcalətimdən evə girə bilmirəm

10 nəfər işçinin hamısı İmişlinin Bəhramtəpə adlanan ərazisində Füzuli köçkünləri üçün tikilən yeni şəhərciyin sakinidir. Deyirlər ki, yaşadıqları problemlə bağlı dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Ancaq icra başçısı ilə görüşmələrinə imkan verməyiblər:

 Aydın İbrahimov Aydın İbrahimov

“Vilyam müəllimin yanında Hüseyn İbrahimov adlı bir nəfər çalışır. O, bizi başçıyla görüşə buraxmır. Buradan ona demək istəyirəm, sənin nəvən varmı? Varsa, yanına gedəndə, “baba, mənə nə almısan” – soruşanda, pulu olmayanda, əliboş gedəndə nə cavab verir ona? Mən xəcalətimdən evə girə bilmirəm. Nolar, bizi anlayın”, – şikayətçilərdən Aydın İbrahimov belə deyir.

Biz işimizi itirmək istəmirik

Şikayətçilər deyirlər ki, onlar hamısı ehtiyac içində yaşayan, kasıb insanlardılar. Çoxunun evində xəstəsi də var:

“İnanın elə ailə var ki, çörək pulundan başqa bir qəpik gəliri yoxdur. O da çox deyil. Adambaşına 22 manat nədir ki? Bu iş bizim əlimizdən tuturdu, dolanırdıq. Biz işimizi itirmək istəmirik. Xahiş edirik ki, müqaviləmizi artırsınlar”, – Aydın İbrahimov əlavə edir.

Daha bir şikayətçi Kəklik Əliyevanın tək istəyi var. Deyir, İmişlinin icra başçısı Vilyam Hacıyev onları qəbul etsin, dinləsin:

Kəklik ƏliyevaKəklik Əliyeva

“Vilyam Hacıyevdən xahiş edirik, bizi qəbul etsin. Ətrafındakı məmurlar bizə imkan vermir onunla görüşməyə. Xahiş edirik, səsimizi eşidin, bizi qəbul edin. Vilyam müəllim bizim işimizə baxıb, bərpa etməsə, məcburuq Prezident Administrasiyasına müraciət edək”.

Heç olmasa, xəstəmizə dərman ala bilək

Kəklik Əliyevanın oğlu onkoloji xəstəlikdən əziyyət çəkir, nəvəsinin birinin ürək qüsuru var. Ailə ehtiyac içində yaşayır. Deyir, indiki məqamda işsiz qalmaq ona heç cür sərf etmir, işləmək məcburiyyətindədir:

“Yaxşı biz nə yeyək? Mənim balalarımın hamısı xəstədir. Nəvəmi 2 gün əvvəl Bakıya əməliyyata yazıblar. Bir dəfə ürəyindən əməliyyat olub, indi bir dəfə də olmalıdır. Vallah, imkanımız çatmır. Bizi işə bərpa etsinlər, nə olar. Heç olmasa, xəstəmizə dərman ala bilək”.

Görün nə qədər insana ziyan vururlar?

Xudur Əliyev isə ikinci qrup Qarabağ əlilidir. O da 3 il müddətində İmişli Rayon Kommunal İstismar İdarəsinin işçisi olub. 2019-cu ildə onun da müqaviləsi yenilənməyib, işsiz qalıb:

Xudur Əliyev
Xudur Əliyev

“İcra başçısının tapşırığı ilə təmin olunduğumuz işi əlimizdən alıblar. Bəlkə də onun xəbəri yoxdur, imkan vermirlər də görüşək, dərdimizi deyək. Bu gün, sabah deyə-deyə kartımızı bağlayıb, işimizə xitam verildi. Prezident hər gün qərar verir. Qarabağ əlilləri, şəhid ailələri, köçkünləri işlə təmin edin. Daha o demir ki, camaatı kütləvi şəkildə işdən çıxarın. Baxın, 10 nəfərik. Bu 10 nəfərin ailəsində azı 5-6 nəfər var. Görün nə qədər insana ziyan vururlar. Nə qədər insanın dolanışığını çətinləşdirirlər”.

Azı 50 nəfərin çörəyini kəsdilər

X.Əliyev deyir ki, 3 il əvvəl işsiz olub. Hər yerə yazıb. Sonda fəhləlik də olsa, işlə təmin edilib:

“Sevindik. Burada 500-dən artıq ailə yaşayır. Biz də buranı təmizləyir, ağac əkir, nəzarət edirdik. Həm bura üçün yaxşı idi, həm də bizim üçün. Günü-günə satdılar, bizi ümid etdilər. Sonda da müqaviləmiz artırılmadı, bitdi. İndi kimə müraciət edək, bilmirik. Torpağımız yox, əkib-becərib, ailəmizi dolandıraq. Mal-heyvan saxlamağa şəraitimiz yox. Nə edək? Bircə işləyib ailəmizə baxa bilərik. İndi iş də yoxdur. Hamımız kasıb adamlarıq. 120 manatdan çox çörək pulu alan yoxdur. Bilmirik o pulu qaza, suya, yoxsa işığa verək. Vilyam müəllimdən xahiş edirik, bizi qəbul etsin. O, bu 10 nəfəri işlə təmin etmişdi, 10 ailə dolanırdı. Elə bilin azı 50 nəfərin çörəyini kəsdilər”.

Onların müqaviləsinin artırılması ilə bağlı bütün sənədləri hazırlamışıq

Meydan TV məsələyə münasibət öyrənmək üçün İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hüseyn İbrahimov deyib ki, həmin insanların problemlərindən xəbərdardılar:

“Bəli, bizə müraciət etmişdilər, məlumatımız var. Biz onların müqaviləsinin artırılması ilə bağlı bütün sənədləri hazırlamışıq. Bu gün, sabah təsdiqlənəcək. Narahat olmasınlar, yaxın günlərdə onlarla əlaqə saxlayıb, müqavilələrini artıracağıq. Hamısı işinə geri dönəcəklər, narahatlığa heç bir əsas yoxdur. Müqavilələr artıq hazırdır”.

All rights reserved 2009-2019. www.azeritimes.com ©

AzerbaijanUSA