Azeri Times

AXCP üzvü: Müstəntiq Sənan Paşayev yazıb vermişdi, kamera qarşısında onları deyirdim

AXCP üzvü: Müstəntiq Sənan Paşayev yazıb vermişdi, kamera qarşısında onları deyirdim
91 views
09 February 2019 - 4:43

Məhkəmədə video-ifadələr nümayiş etdirilib

Gədəbəyin sabiq icra başçısı, 1998-ci ildən Rusiyada yaşayıb-işləyən və bu ölkənin vətəndaşı olan Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi fevralın 8-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən prosesdə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində lentə alınmış videolar nümayiş etdirilib. Göstərilən videolarda həbs olunan cəbhəçilərin ifadələri, üzləşmələr, vəkillərdən imtinalar və s. əks olunmuşdu.

Təqsirləndirilən şəxslər bildiriblər ki, o videoların hər biri onlara verilən dəşhətli işgəncələrdən sonra çəkilib. İşgəncə nəticəsində onlar tələb olunan ifadəni verməyə razılaşandan sonra kamera qarşısında nə deyəcəklərini onlara öyrədib, sonra çəkiliş aparıblar. Hətta bəzən bir çəkiliş xoşlarına gəlməyəndə ikinci dəfə çəkiblər.

Video-ifadələrdə AXCP-yə və Əli Kərimliyə pul göndərilməsindən, üzləşmələrdə S.Rüstəmlinin göndərdiyi pulların onun qardaşı oğlu Vidadidən götürülməsindən söhbət gedir.

Təqsirləndirilən şəxslər məhkəməyə ifadələrində də Rusiyada işləyən azərbaycanlıların, o cümlədən S.Rüstəmlinin Bakıya siyasi məhbus ailələrinə yardım göndərdiyini təsdiqləyib. Onlar bildiriblər ki, təxminən 2 il ərzində göndərilən yardımın məbləği heç 10 min dolları keçməz.

Amma istintaqdakı ifadələrdə, həmçinin videogörüntülərdə dəfələrlə böyük məbləğlərdən söhbət gedir.

Təqsirləndirilən S.Rüstəmli bildirib ki, onunla bağlı çəkiliş işgəncədən sonra aparılıb. Onun sözlərinə görə, məruz qaldığı təzyiqlər nəticəsində kamera qarşısına çıxıb vəkilindən imtina etməyə də razılaşıb.

Təqsirləndirilən R.Nəsirli görüntülərdə bir nöqtəyə baxıb danışmasını izah edərkən bildirib ki, müstəntiq Sənan Paşayev bir vərəqə kamera qarşısında deyəcəyi sözləri yazıb vermişdi. O da qarşısına qoyulmuş həmin vərəqdə yazılanlara baxıb oxuyurdu: “Orada deyilənlər hamısı Sənan Paşayevin yazdıqları idi”.

Məhkəmə prosesi fevralın 12-də davam edəcək.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

All rights reserved 2009-2019. www.azeritimes.com ©

AzerbaijanUSA